Səhhəti pisləşən Fədayə Laçından açıqlama

"4 ildir ki, Rusiyadayam. Hələ ki, bir planım yoxdur ki, həmişəlik Azərbaycana qayıdım. Biznesim falan da yoxdur. Bir dəfə istədik ki, olsun, amma batırdıq, ziyan etdik. Çünki biz, oğlum da, mən də incəsənət üçün doğulmuş şəxslərik. Biznesi bacarmadıq, bizlik deyil. Bununla da o işlərin başını buraxdıq"..

Poliqon bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Fədayə Laçın deyib. O daha sonra əlavə edib.

"Sənətimlə, səsimlə elimin, obamın toylarında ifa edirəm. Rəhmətlik Məhəbbət Kazımov deyirdi ki, vətən gorgahdır. Hara getsən sonda vətənə dönürsən. Bəziləri elə bilir ki, Azərbaycandan birdəfəlik çıxmışam, qadağam var. Belə bir şey yoxdur. Sonumuz vətəndir. Ürəyimiz vətənlə döyünür" deyə müğənni bildirib.

Müğənni ona paxıllıq edənlərdən də danışıb.

"Özü heç nəyə yaramayan, öz həyatında heç nəyə nail ola bilməyən insanlar paxıllıq edənlərdir. Mənə çoxdur paxıllıq edənlər. Həm də gözəlliyimə paxıllıq edirlər. Çata bilmirlər. Mənim başıma gələn hadisəyə də paxıllıq edənlər var. Nə bilim vallah, canlarındadır da paxıllıq. Öz işığına güvənən insan, başqasının parlamasına paxıllıq etməz" deyə müğənni bildirib.

Fədayə Laçın səhhətində yaranmış problemdən də danışıb.

"Təzyiqim qalxmışdı. Məndə həmişə aşağı olur. Ona görə də bir az qalxan kimi özümü yaxşı hiss etmirəm. Evdəkilər qorxub həkim çağırmışdılar. Ağrıkəsici vurdular. Çox yaxşı oldum. O şəkili də göz qaytarmaq üçün paylaşdım. Gündə xoş şeylər paylaşıram, gözə gəlirəm. Göz qaytarmaq üçün bu fotonu paylaşdım. Gözəlliyimdən gözə gəlirəm (gülür). Elə etdim ki, göz qaytarım, pis gözlər çıxsın" deyə müğənni bildirib.

Poliqon.info