Borrell İsrail nazirinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Aİ diplomatiyasının rəhbəri İsrail hakimiyyətini müharibə cinayətləri törətməyə təhrikdən uzaq olmağa çağırıb...

Avropa diplomatiyasının rəhbəri Cosep Borrell Avropa İttifaqını İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirməyə çağırıb.

Poliqon xəbər verir ki, Borrell X sosial şəbəkəsində öz mövqeyini açıqlayıb. Onun sözlərinə görə, İsrail rəsmisinin Qəzza zolağına verilən yanacağın və döyüşlərin getdiyi anklavın mülki əhalisinə yardımın həcmini azaltmaq çağırışlarına görə sanksiyalar tətbiq edilməlidir.

“Dünya Qəzzada atəşkəsdə israr etsə də, nazir Ben-Qvir yanacaq tədarükünü və mülki şəxslərə yardımı azaltmağa çağırır”, deyə Borrell yazıb.

Aİ diplomatiyasının rəhbəri qeyd edib ki, İsrailin maliyyə naziri Bezalel Smotriçin bəyanatları ilə yanaşı, bu da müharibə cinayətlərinə təhrikdir.

“Sanksiyalar Aİ-nin gündəliyində olmalıdır”, deyə Aİ diplomatiyasının rəhbəri vurğulayıb.

Borrell həmçinin İsrail hökumətini müharibə cinayətləri törətməyə təhrik etməkdən birmənalı şəkildə uzaqlaşmağa çağırıb.

Qeyd edək ki, Ben-Qvir Fələstin Milli Administrasiyasına qarşı daha sərt mövqeyi müdafiə edir. İsrailin təhlükəszilik naziri dəfələrlə HƏMAS ilə razılaşmaya və Qəzzada müharibənin sona çatmasına qarşı çıxıb və deyib ki, “acı sona” getmək və “məntiqsiz” sövdələşmədən imtina etmək lazımdır.

Öz növbəsində Smotriç bəyan edib ki, israilli girovların azad edilməsi uğrunda mübarizə kontekstində o, iki milyon fələstinlinin aclıqdan ölümünə səbəb olsa belə, Qəzzaya humanitar yardımın çatdırılmasının qarşısını almağı düzgün hesab edir. Smotriç beynəlxalq ictimaiyyətin buna imkan verməyəcəyindən də təəssüfləndiyini bildirib.

Poliqon.info