Çindəki regional banklar Rusiyadan ödənişləri qəbul etməyi dayandırıb

Regional Çin bankları Rusiyadan ödənişləri qəbul etməkdən daha tez-tez imtina etməyə başlayıblar...

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, kiçik Çin bankları əvvəllər Rusiya biznesləri ilə işləməkdə həvəsliydilər, lakin son zamanlar vəziyyət çox pisləşib. Ekspertlər bunu ABŞ-ın sanksiyaları qorxusu ilə əlaqələndirirlər.

“Impaya Rus” şirkətinin kommersiya direktoru Aleksey Razumovski nəşrə bildirib ki, hazırda Çin banklarının 98%-dən çoxu Rusiyadan birbaşa yuanla ödənişləri qəbul etmir.

Bazar iştirakçıları ehtiyat edirlər ki, Çin banklarının imtinası malların tədarükü və qiymətlərin artması ilə bağlı problemlərə səbəb ola bilər.

Ancaq çətinliklərə baxmayaraq, Çinə pul köçürməyin yolları var. Məsələn, üçüncü ölkələr vasitəsilə ödəniş agentlərindən istifadə üçün müraciətlərin axını artıb. Həmçinin, Rusiya biznesləri də Honq Konq bankları vasitəsilə ödənişlər göndərməyə başlayıblar.

Poliqon.info