Ucarda bazarda 8 mağaza yanıb, yaşayış evləri mühafizə olunub - Yenilənib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, 28 may küçəsində yerləşən bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub...

Nazirlikdən Poliqon-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar, Ağdaş və Göyçay rayon Yanğından Mühafizə issələrinun qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 2510kv.m. olan bazar ərazisində bir-birinə bitişik tikilmiş 8 müxtəlif təyinatlı mağazanın yanar konstruksiyaları 270kv.m. sahədə yanıb.

Bazarın böyük hissəsi və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ucar şəhərində bazar ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə Poliqon-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Poliqon.info