Bakıda ümumşəhər iməciliyi baş tutub

Son vaxtlarda paytaxt Bakıda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində küçə və yol kənarlarında, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi təşkil edilib.

Bu barədə Poliqon-a BŞİH-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından eibarən əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb. İməcilik zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.

BŞİH-in çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, həmçinin ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməclikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar. Eyni zamanda, şəhər sakinləri də bu iməclikdə fəal şəkildə iştirak edərək yaşadıqları mənzillərin pəncərələrini və binaların həyətini təmizləyiblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilir, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.

"Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcəkdir", - deyə məlumatda qeyd olunub.

Poliqon.info