Rusiya və Çin ödənişlər üçün bank əməliyyatlarına alternativ tapıblar

Moskva və Pekin barter ticarətinin canlanmasına hazırlaşır. İlk əməliyyatlar payızda başlaya bilər...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi mənbələrə istinadən məlumat yayıb. Agentliyin mənbələrinə görə, Rusiya və Çin bu ilin payızında başlaya biləcək barter əməliyyatlarını bərpa etməyə yaxındırlar. Bu tədbirlər beynəlxalq ödənişlərlə bağlı problemlərin qarşısını almaq və Qərb maliyyə sistemlərindən asılılığı azaltmaq məqsədi daşıyır.

Reuters mənbələri bildirirlər ki, Rusiya prezidenti Vladimir Putinin Çinə son səfəri zamanı iki ölkə arasında ödənişlərin gecikdirilməsi ilə bağlı suallar yaranıb. Mənbələr bildiriblər ki, sanksiyalar və beynəlxalq araşdırmalar nəticəsində yaranan çətinliklər fonunda Moskva və Pekin barteri ABŞ-ın nəzarətində olan bank sistemlərindən yan keçməyin bir yolu kimi nəzərdən keçirir.

Barter əməliyyatları valyuta risklərini azaldacaq və beynəlxalq pul köçürmələrində qanuni məhdudiyyətlərin qarşısını alacaq. Reuters-ə müsahibə verən analitiklərin fikrincə, bu, ikitərəfli ticarətə mane olan ödəniş problemlərinin aradan qaldırılmasına da kömək edə bilər.

Ehtimal olunur ki, əməliyyatlar kənd təsərrüfatı və digər mallar sahəsinə aid ola bilər. Agentlik iddia edir ki, bəzi Rusiya bankları və şirkətləri barter hesablaşma sisteminin tətbiqində çətinliklərə baxmayaraq, artıq yeni şərtlərə hazırlaşır.

Xatırladaq ki, tarixən Rusiya və Çin arasında barter əməliyyatları Sovet İttifaqı dağılana qədər adi hal olub. 2019-cu ildə Çin tikinti xidmətləri üçün xurma yağı ilə ödəniş edərək oxşar sxemlərdən artıq istifadə edib.

Poliqon.info