Gürcüstanda yeni siyasi gərginlik - Zurabişvili Saakaşvilini əfv edəcəkmi?

Gürcüstan prezidenti Salome Zurabişvili artıq müxalifətə qarşı ritorikasını dəyişib və o, məhkum edilmiş keçmiş dövlət başçısı Mixail Saakaşvilini əfv etməyi planlaşdırsa, bu təəccüblü olmayacaq...

Poliqon xəbər verir ki, bunu hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasından deputat Levan Maçavariani bildirib.

"Biz artıq öyrəşmişik ki, Salome Zurabişvili ümumilikdə öz ritorikasını dəyişib", deyı deputat bildirib.

Hakim partiya təmsilçisi qeyd edib ki, "Gürcü Arzusu"nun dəstəyi sayəsində prezident olan Zurabişvili indi radikal müxalifətə keçib. "Gürcü Arzusu" ən böyük müxalifət partiyası olan Saakaşvilinin əsasını qoyduğu "Vahid Milli Hərəkat"ı və onun tərəfdaşlarını rdikal müxalifət adlandırır.

Bir gün əvvəl Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski demişdi ki, müxalifət Saakaşvilini əfv etmək üçün strateji planlarının olduğunu etiraf etmək məcburiyyətində qalıb.

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili da bildirib ki, dövlət başçısı Salome Zurabişvili keçmiş prezident Mixail Saakaşvilini onun Vahid Milli Hərəkat Partiyası ilə ittifaqda olduğu üçün onun əfv olunması imkanlarını araşdırır:

"Bu addımı ilə prezident onunla və onun Vahid Milli Hərəkat Partiyası ilə eyni ittifaqda olduğunu sübut edir. Onlar hakimiyyətə gəlmək istəmirlər. Xaricdən gələn sifarişləri yerinə yetirməyə çalışırlar. Bunun üçün isə güc lazımdır. Buna görə də texniki hökumətdən və digər bu kimi cəfəngiyyatlardan danışırlar".

Şalva Papuaşvili qeyd edir ki, Zurabişvili seçki kampaniyasına açıq şəkildə müdaxilə etməklə Konstitusiyanı pozur. O həmçinin qeyd edib ki, Zurabişvili Saakaşvilinin yaratdığı ən böyük müxalifət partiyası olan "Vahid Milli Hərəkat" sayəsində impiçmentdən yayına bilib.

Hakim partiyadan deputat Maçavariani də hesab edir ki, Zurabişvili seçki kampaniyasında iştirak edir və bununla da Konstitusiyanı pozur:

"Biz o, seçki kampaniyasında birbaşa iştirak edən və radikal müxalifətin lideri kimi çıxış edəndə ikinci və ya üçüncü dəfə Konstitusiyanı necə pozduğunu görürük".

Bu arada, Zurabişvili avqustun 5-də keçirdiyi mətbuat konfransında bildirib ki, o, Saakaşvilinin birdəfəlik əfv olunması ilə bağlı suala artıq cavab verib. Eyni zamanda, prezidentin sözlərinə görə, hakim "Gürcü Arzusu" oktyabrın 26-da keçiriləcək seçkilər öncəsi seçiciləri qorxutmaq üçün Saakaşvili fiqurundan istifadə edir. Hələ 2022-ci ildə Zurabişvili internetdə keçmiş prezident Saakaşvilini "heç vaxt" əfv etməyəcəyini yazmışdı.

Politoloq və Gürcüstan-Rusiya münasibətləri üzrə ekspert Vaso Kapanadze isə bildirib ki, Gürcüstan prezidenti Salome Zurabişvili 2024-cü ilin oktyabrında keçiriləcək parlament seçkiləri öncəsi keçmiş dövlət başçısı Mixail Saakaşvilini əfv etməyə cəsarət etməyəcək. Kapanadze vurğulayıb ki, Zurabişvili yalnız seçkilərdən sonra Saakaşvilini əfv edə bilər. Amma bu, səsvermənin nəticələrindən asılı olacaq.

Ekspert əlavə edib ki, Gürcüstan prezidenti xalqın reaksiyasından qorxduğu üçün ölkənin keçmiş rəhbərini əfv etmək qərarına gəlməyəcək. Belə bir qərar Zurabişvilinin siyasi reytinqinə mənfi təsir göstərə bilər. Kapanadze əlavə edib ki, əfv müxalifət qüvvələrinin seçkilərdə qalib gələcəyi təqdirdə baş verəcək.

Salome Zurabişvili və "Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası arasında münasibətlər üç illik prezidentlikdən sonra pisləşməyə başlayıb. Hər halda bu, geniş ictimaiyyətə o zaman məlum olub.

Prezident öncə ehtiyatlı davranaraq hakim partiyanın 2021-ci ildə qəbul etdiyi qərarlardan narazılığını ifadə etməyə cəhd edib. Zaman keçdikcə Zurabişvilinin ritorikası getdikcə sərtləşib və indi hakimiyyətin əsas rəqiblərinin mesajlarından heç də fərqlənmir.

Zurabişvili 2023-cü il martın 31-də parlamentdə illik hesabatını təqdim etdikdən sonra, o, digər məsələlərlə yanaşı, "Gürcü Arzusu"nu qərbyönlü yoldan dönməkdə ittiham edib bə hökumət onun xarici səfərlərini təsdiq etməyi dayandırıb. Prezident bu imtinalara məhəl qoymamağa üstünlük verib və "Gürcü Arzusu" impiçment proseduruna başlayıb.

İmpiçment proseduru Zurabişvili avqustun 31-də xarici səfərə çıxdıqdan və hökumətin icazəsi olmadan Avropa İttifaqı ölkələrinin liderləri ilə görüşlər keçirməyə başladıqdan sonra başlayıb. Nazirlər Kabineti səyahət icazəsinin verilməməsini hakimiyyətin ona etimadı itirməsi ilə izah edib. Zurabişvili bildirib ki, onun Avropaya səfərlərinin məqsədi Gürcüstanın Avropa İttifaqına üzv olmağa namizəd ölkə statusu almasına kömək etməkdir.

Oktyabrda Gürcüstanın Konstitusiya Məhkəməsi Zurabişvilinin Konstitusiyanın 52-ci maddəsini pozduğunu təsdiqləyib, buna görə prezidentin xarici əlaqələrdə nümayəndəlik funksiyalarını yalnız hökumətin icazəsi ilə həyata keçirmək hüququ var. Amma "Gürcü Arzusu"nun uğurları burada sona çaıtb. Baxmayaraq ki, hakim partiyanın nümayəndələrinin ilkin dediyi kimi, məsələyə son qoymaq üçün parlamentdə kifayət qədər səs toplaya bilmədiklərindən daha çox şeyə ümid etməyiblər.

Parlamentdə keçirilən səsvermə zamanı Zurabişvilinin impiçmenti tələb olunan minimum 100 deputat əvəzinə 86 deputat tərəfindən dəstəklənib.Həmin gün "Gürcü Arzusu"nun lideri İrakli Kobaxidze bəyan edib ki, bundan sonra Zurabişvili ölkənin deyil, yalnız "Vahid Milli Hərəkat"ın prezidentidir. Bu, ölkənin ən böyük müxalifət partiyasıdır, vaxtilə Mixail Saakaşvili tərəfindən qurulmuş hakimiyyətdə olan keçmiş partiyadır. Gürcüstanın hazırkı rəhbərliyi bu partiyanı və onun tərəfdaşlarını "radikal müxalifət" adlandırır.

Qeyd edək ki, Mixail Saakaşvili bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib.

Bu arada, Mixail Saakaşvili avqust müharibəsinin 16-cı ildönümündə "Facebook" səhifəsində paylaşım edib. Sabiq dövlət başçısı Gürcüstanı düşmənə təslim etmədiyi üçün əsir saxlanıldını bildirib:

"2008-ci ildə ordumuz mövcudluğunu qorudu, insanlar küçələrə çıxdı, mən paytaxtda qaldım və dünyanı ayağa qaldırdım, tərəfdaşlarımız Tiflisə gəldi, amerikalılar donanmanı Gürcüstan dövlətçiliyini xilas etmək üçün göndərdilər. Mən ancaq Gürcüstanı düşmənə təslim etmədiyim üçün əsir saxlanılıram. Onda düşmən bizi tuta bilmədi. Bu faciədir ki, öz gücümüzlə müdafiə etdiyimiz şeyi indi yenə qazanmalıyıq. Oktyabrın 26-da (parlament seçkilərində - red.) biz 1991-ci ildən sonra Gürcüstanın müstəqilliyini və azadlığını bir daha bərpa etməliyik".

Poliqon.info