Fələstin İsraillə danışıqlara hazırdır

Mahmud Abbas: Fələstin İsraillə yekun status danışıqlarına hazırdır...

Fələstin prezidenti bölgədəki vəziyyəti həll etmək üçün sülh konfransı zamanı İsraillə yekun status danışıqlarına hazır olduğunu bildirib.

Polqion xəbər verir ki, bu barədə Fələstin prezidenti Mahmud Abbas “RİA Novosti” Agentliyinə müsahibəsində bildirib.

Dövlət başçısının sözlərinə görə, Fələstin regiondakı münaqişənin siyasi yolla həlli və İsrailin Qəzza zolağında mövcudluğuna son qoymaq üçün öz baxışını və yol xəritəsini hazırlayıb.

Prezident əlavə edib ki, sözügedən yol xəritəsi altı ərəb ölkəsi tərəfindən bəyənilib və baxılmaq üçün ABŞ, Aİ və BMT Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edilib.

“Təklif beynəlxalq sülh konfransı çərçivəsində İsrail tərəfi ilə yekun statusla bağlı danışıqlara başlamağı nəzərdə tutur”, deyə Abbas vurğulayıb.

Fələstin Prezidentinin qeyd edib ki, bu təklifin icrası çərçivəsində Fələstin Qəzza zolağında öz funksiyalarını yerinə yetirməyə hazırdır. Eyni zamanda, Fələstin tərəfi yəhudi dövlətinin düşmənçilik hərəkətlərini dayandırmağı zəruri hesab edir.

Qeyd edək ki, Abbas Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasından sonra Fələstində milli razılıq hökumətinin yaradılması ilə bağlı məsləhətləşmələrin başlayacağını bildirib.

Poliqon.info