Nobel mükafatçısı Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik etməyə başlayıb - Yenilənib    

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus Banqladeşin müvəqqəti hökumətinin rəhbəri təyin edilib...

“Report” xəbər verir ki, bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb.

Banqladeş prezidenti Şahabuddin Çupanın mətbuat katibi Ceyn Abedin bildirib ki, Yunusun təyin edilməsi barədə qərar dövlət başçısının çərşənbə axşamı axşam keçirilən "Tələbələr ayrı-seçkiliyə qarşı" hərəkatının liderləri ilə görüşündən sonra qəbul olunub.

***

Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik etməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə o, AFP-yə açıqlamasında bildirib.

“Müvəqqəti hökumətə rəhbərlik etməyimi istəyən etirazçıların etimadı məni təsirləndirib. Mən həmişə siyasətdən uzaq durmuşam, amma bu gün Banqladeşdə ölkəm və xalqımın cəsarəti naminə hərəkət etmək lazımdırsa, mən bunu edəcəyəm”, - o deyib.

Yunus Banqladeşdə azad seçkilərin keçirilməsinə çağırıb: “Müvəqqəti hökumət sadəcə başlanğıcdır. Yekun sakitləşmə yalnız azad seçkilərdən sonra olacaq. Seçkilər olmasa, heç bir dəyişiklik olmayacaq”.

Daha əvvəl “The Daily Star” qəzeti Yunusun Banqladeşdə müvəqqəti hökumətin müşaviri olmağa razılaşdığını yazmışdı.

Xatırladaq ki, iqtisadi inkişaf sahəsində fəaliyyətinə görə 2006-cı ildə Nobel Sülh Mükafatına layiq görülən Məhəmməd Yunus 1983-cü ildə təsis etdiyi “Grameen Bank” vasitəsilə Banqladeşin kəndlərində yoxsullara mikrokredit verməyə başlamaqla beynəlxalq səviyyədə tanınıb. Bu prosesdən az sonra Yunus artıq sabiq Baş nazir olan Şeyx Hasina ilə münaqişə yaşayıb. O, Yunusu fermerləri aldatmaqda ittiam edərək kəndlilərin aldıqları kreditlərə görə illik təxminən 20% faiz əlavə vəsait ödəməli olduğunu önə çəkib.

Poliqon.info