GUAM-ın Baş katibinin Ukrayna səfiri ilə müzakirə etdiyi mövzular açıqlanıb

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) Baş katibi Altay Əfəndiyevin Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyevin görüşünün təfərrüatları açıqlanıb...

“Report” xəbər verir ki, beynəlxalq qurumun mətbuat xidməti görüş barədə məlumat yayıb.

“Dostluq və səmimi bir mühitdə tərəflər GUAM-a üzv dövlətlər arasında əməkdaşlığın daha da gücləndirilməsi yolları haqqında GUAM üzv dövlətlərinin hökumət başçılarının və GUAM Xarici İşlər Nazirləri Şurasının müvafiq qərarlarının icrası çərçivəsində ticarət və nəqliyyat sahəsində GUAM-ın əsas təşəbbüslərinin həyata keçirilməsi ilə bağlı geniş və konstruktiv müzakirə aparıblar”, – məlumatda diqqətə çatdırılıb.

Bildirilib ki, görüşün əsas mövzusu “GUAM Baş katibinin 2023-cü ilin aprel ayında Avropa İttifaqı rəsmiləri ilə görüşündən sonra GUAM üzv dövlətlər tərəfindən atılmalı olan addımlar” olub:

“Bu baxımdan, GUAM Nəqliyyat Dəhlizinin inkişafında Avropa İttifaqının köməyi xüsusilə vurğulanıb. Bu, GUAM üzvlərindən GUAM-a üzv ölkələrlə Aİ arasında ikitərəfli səviyyədə əlaqələrin inkişafını nəzərə alaraq GUAM ND təşəbbüsünü Aİ-yə üzv ölkələr arasında təşviq etmək üçün məqsədyönlü, kollektiv və əlaqələndirilmiş tədbirlər görməsini tələb edəcək. Bu istiqamətdə birgə səylərin davam etdirilməsi barədə razılıq əldə edilib”.

Bildirilib ki, Əfəndiyev Husyevə “Ukrayna ilə Azərbaycan Respublikası arasında strateji münasibətlərin daha da möhkəmləndirilməsi üzrə mühüm missiyasında uğurlar arzulayıb”.

Xatırladaq ki, daha əvvəl Ukrayna səfiri GUAM-ın Baş katibi ilə görüşdüyünü sosial şəbəkədə bildirmişdi.

Poliqon.info