Avropa İttifaqı Banqladeşdə faktiki hakimiyyət dəyişikliyini tanıyıb

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Banqladeşdə hakimiyyətin keçidini faktiki olaraq etiraf edərək, növbəti seçkilərdən sonra hakimiyyətin yeni hökumətə verilməsinin təmin edilməsinin zəruri olduğunu bildirib.

APA xəbər verir ki, o, bu müraciəti “X” sosial şəbəkəsində edib.

"Hakimiyyətin demokratik yolla seçilmiş hökumətə nizamlı və dinc şəkildə ötürülməsini həyata keçirmək həyati əhəmiyyət kəsb edir", - deyə o bildirib.

O əlavə edib ki, Aİ Banqladeşdəki hadisələri yaxından izləyir, xalqı sakitliyə və təmkinli olmağa çağırır. Avropa diplomatiyasının rəhbəri həmçinin bildirib ki, Aİ ölkədə baş verən iğtişaşlar nəticəsində insan tələfatından kədərlənir.

Poliqon.info