Almaniya büdcəsində 5 milyard avro kəsir olacaq

Almaniyanın maliyyə naziri Kristian Lindner 2025-ci il üçün federal büdcə kəsirinin təxminən 5 milyard avro olacağını bildirib...

Poliqon xəbər verir ki, nazir bu barədə ZDF televiziyasına müsahibəsində danışıb.

Eyni zamanda, onun fikrincə, hökumətin hələ də effektiv həll yolunu tapmaq üçün kifayət qədər vaxtı var.

"Söhbət etdiyimiz məbləğ təxminən 5 milyard avrodur", deyən nazir ayın ortalarına qədər kansler Olaf Şolts və vitse-kansler Robert Habek ilə danışıqlar aparmağı planlaşdırır.

Bundan sonra büdcə layihəsi noyabrın sonunda yekun təsdiq üçün Bundestaqa təqdim ediləcək.

İyulun 17-də Nazirlər Kabineti 2025-ci ilin büdcə layihəsini təsdiqləyib. Hakim koalisiya daxilində bu sənədin razılaşdırılması gözlənildiyindən daha uzun çəkib və siyasətçilər arasında ictimai çəkişmələr, habelə bəzi deputatların hökumətə dəstəyi dayandırmaqla bağlı hədələri ilə müşayiət olunub. Ümumi büdcə 481 milyard avro təşkil edəcək. Bunun 4 milyard avrosu Ukraynaya hərbi yardım üçün ayrılacaq ki, bu da 2024-cü ildəkindən iki dəfə çoxdur. Almaniyanın müdafiə naziri Boris Pistorius təklif olunan büdcə çərçivəsində silahlı qüvvələrə ayrılan xərclərin kifayət qədər artırılmasından dəfələrlə narazılığını bildirib.

Kristian Lindner bir sıra layihələrlə bağlı şübhələrini də dilə gətirib və onların hüquqi və iqtisadi baxımdan təhlilini tapşırıb. Audit büdcənin başqa yerlərində qaz qiymətlərini məhdudlaşdırmaq üçün dövlət bank qrupu KfW tərəfindən ayrılmış qalan 4,9 milyard avronun istifadəsi ilə bağlı hüquqi riskləri aşkar edib.

Poliqon.info