AP-nin 70 deputatı Macarıstanın Şengen zonasında iştirakını dayandırmağa çağırıb

Avropa Parlamentinin (AP) üzvlərindən ibarət təşəbbüs qrupu Avropa Komissiyasından (AK) Macarıstanın Şengen zonasında iştirakını dayandırmağı tələb edib...

Poliqon xəbər verir ki, bu barədə Politico yazıb.

Jurnalistlər bildiriblər ki, müvafiq məktubu 70 deputat imzalayıb. Bundan sonra Çexiya və Litvanın deputatları Danuşe Nerudova və Petras Austreviçius sənədi Avropa İttifaqına göndəriblər.

Mətndə Budapeştin səkkiz ölkənin vətəndaşları üçün viza rejimini yüngülləşdirmək qərarını araşdırmaq üçün təcili tədbir görmək xahiş edilir. Bu, Rusiya Federasiyası və Belarusa da aiddir.

Parlamentarların fikrincə, Macarıstan hakimiyyətinin hərəkətləri Şengen zonasının üzv ölkələrin sakinləri üçün təhlükəsiz məkan rolunu potensial olaraq təhlükə altına sala bilər. Məktub müəllifləri vurğulayıblar ki, Budapeşt öz siyasətinə yenidən baxmaqdan imtina edərsə, Avropa İttifaqına üzv olan bütün ölkələr respublikanın Şengen zonasında olmasını şübhə altına almalı olacaqlar.

Sənəddə xüsusilə Macarıstanla sərhədlərdə nəzarətin tətbiqi və onun verdiyi vizaların tanınmasından imtina edilməsi təklif edilir.

İyulun sonunda Budapeşt ruslar, belaruslar və daha 6 ölkənin vətəndaşları üçün sürətləndirilmiş viza sistemi tətbiq edib. Yeni qaydalara əsasən, respublikaya daxil olmaq üçün artıq onların təhlükəsizlik yoxlamasından keçməsinə ehtiyac qalmayacaq. Vəziyyəti şərh edən Avropa Xalq Partiyasının sədri Manfred Veber Macarıstanın qərarını vaxtsız adlandırıb.

Poliqon.info