Netanyahu Səudiyyə ilə münasibətlərin normallaşma prosesini durdurub

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərindən əvvəl yəhudi dövləti ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasına dair potensial sazişi irəli sürməmək qərarına gəlib...

Poliqon xəbər verir ki, bu barədə məlumatı mənbələrin adını çəkmədən İsrail televiziyasının 12-ci kanalı yayıb.

Telekanala görə, Netanyahu ABŞ-dakı siyasi vəziyyət, Amerika lideri Co Baydenlə fikir ayrılığı, eləcə də Ər-Riyadın atəşkəs tələbi ilə əlaqədar Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması məsələsində irəli getməyin yersiz olacağına qərar verib.

Qeyd edək ki, bu yayın əvvəlində The Wall Street Journal qəzeti rəsmilərə istinadən Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanının müdafiə paktı bağlamağa yaxın olduqıarını xəbərvermişdi. Lakin bu səylərin uğuru Fələstin anklavında hərbi əməliyyatların dayandırılmasından və İsrailin Fələstin dövlətinin yaradılması üçün öhdəliyini yerinə yetirməsindən asılı idi.

Xatırladaq ki, aprelin sonunda ABŞ-ın dövlət katibi Entoni Blinken bəyan edib ki, Vaşinqton və Ər-Riyad Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətləri normallaşdırmaq üçün fəal şəkildə çalışır. Bir ay sonra o, Vaşinqton və Ər-Riyadın yaxın həftələrdə yəhudi dövləti ilə əlaqələri normallaşdırmaq üçün sazişin bir hissəsini yekunlaşdıra biləcəyini qeyd etmişdi.

Fələstin-İsrail münaqişəsinin hazırkı gərginləşməsindən əvvəl İsrail hakimiyyəti Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq istəklərini dəfələrlə bəyan edib. 2023-cü ilin sentyabrında Netanyahu BMT Baş Assambleyasının sessiyasında çıxış edərək tərəflərin diplomatik münasibətlər qurmağa yaxınlaşdıqlarını bildirib. Eyni zamanda, oxşar bəyanatı Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud “Fox News” telekanalına müsahibəsində bildirib.

Poliqon.info