İsrail İrana qabaqlayıcı zərbə endirməyi düşünür...  

İsrail mediası avqustun 4-də baş nazir Benyamin Netanyahu ilə ordu rəhbərliyi və kəşfiyyat xidmətləri arasında keçirilən görüşün məzmunundan xəbər tutub...

Poliqon xəbər verir ki, İsrailin “Ynet” portalının məlumatına görə, İran tərəfdən hücum qaçılmaz hesab edilərsə, ona qarşı qabaqlayıcı zərbənin endirilməsinin mümkünlüyü müzakirə olunub.

Görüşdə digərləri ilə yanaşı, müdafiə naziri Yoav Qalant, İsrail Ordusunun Baş Qərargah rəisi Hersi Halevi, Mossad kəşfiyyatının rəhbəri David Barnea və Baş Təhlükəsizlik Xidmətinin (əks-kəşfiyyat) rəhbəri Ronen Bar iştirak edib.

“The Times of Israel” yazır ki, İsrail İrandan və onun regiondakı müttəfiqlərindən nə gözlədiyini bilmir və buna görə də mümkün hücuma cavab vermək və ya onun qarşısını almaq üçün tədbirlər görmək üçün “geniş variantları” müzakirə edir. “Ynet yazır” ki, görüşdə çəkindirici tədbir kimi İrana zərbə endirilməsinin mümkünlüyü müzakirə olunub. Belə bir addımın yalnız İsrailin İranın hücum etmək niyyətini təsdiqləyən kəşfiyyat məlumatı alması şərti ilə mümkün olacağı bildirilir.

Xatırladaq ki, Yaxın Şərqdə eskalasiyanın yeni mərhələsi HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə bağlıdır. İran və Fələstin hərəkatı bu cinayətdə İsraili günahlandırır. İsrail hakimiyyəti qətldə iştirakını nə etiraf, nə də təkzib edib.

“Axios” yazdığına görə İran İsrailə bu gün, avqustun 5-də zərbə endirə bilər.

Poliqon.info