Zelenski Kiyevin “F-16” qırıcıları aldığını təsdiqləyib - Yenilənib

Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaş ölkələrin “F-16” qırıcılarını Ukrayna ordusuna təhvil verdiyini təsdiqləyib...

Bu barədə “Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir.

Zelenski bildirib ki, təyyarələrin qəbulu rəmzi 4 avqust - Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Günündə rəsmiləşib.

Müharibənin ilk günlərindən Ukrayna Rusiyanın hava hücumlarına müqavimət göstərir deyən Ukraynanın dövlət başçısı “F-16”larla bağlı Kiyevin müraciətini qəbul edən ölkələrə təşəkkür edib.

***

Ukrayna Silahlı Qüvvələri vəd edilən 79 ədəd F-16 qırıcısından yalnız 10-nu alıb.

"Report" xəbər verir ki, bu barədə "The Economist" qəzeti məlumat yayıb.

“İlk 10 döyüş təyyarəsi Ukraynaya iyulun son günündə, ABŞ Prezidenti Co Baydenin qətiyyətsiz administrasiyası nəhayət, daha qeyrətli avropalı müttəfiqlərinə onları göndərmək üçün yaşıl işıq yandırdıqdan bir il sonra gəldi”, -nəşr yazıb.

Nəşrin müəllifi iddia edir ki, Kiyevə təhvil verilən 10 F-16 Rusiya Hərbi Hava Qüvvələrini məğlub etmək üçün çox azdır, lakin “güclü simvolik başlanğıcdır”.

Qeyd olunur ki, bu ilin sonuna qədər Ukrayna Silahlı Qüvvələri bu tipli 20 təyyarəyə malik olmalıdır, qalan F-16-lar isə Danimarka və Niderlandın dəstəyi ilə 2025-ci ildə partiyalar şəklində gələcək.

Poliqon.info