Sumqayıtda məktəbin qarşısında gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Sumqayıtda məktəbin qarşısında gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb...

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, avqustun 2-də gecə saatlarında Sumqayıt şəhərində 2000-ci il təvəllüdlü Pərviz Bağırovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub:

"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Kamran Qasımov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır".

***

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report” un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Nizami küçəsində, 1 nömrəli tam orta məktəbin qarşısında qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Pərviz Bağırov tanışı Kamran adlı şəxslə (soyadı dəqiqləşdirilir) mübahisə edib.

Mübahisə nəticəsində tanışı Pərviz Bağırova 4 bıçaq zərbəsi endirib.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Sumqayıt Tibb Mərkəzindən məlumat verilib ki, 2000-ci il təvəllüdlü Pərviz Bağırov avqustun 2-si axşam saat 23:25 radələrində mərkəzin nəzdindəki Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.

Döş qəfəsinin səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan şəxs cərrahi əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.

Poliqon.info