Aİ Gürcüstana yardımın dayandırılmasını müzakirə edir

Avropa İttifaqı “Xarici təsirin şəffaflığı haqqında” qanunun tətbiqindən sonra Gürcüstan hökumətinə bütün maliyyə yardımının dayandırılması imkanını nəzərdən keçirir...

Poliqon xəbər verir ki, bunu “Europa Press” Agentliyinə müsahibəsində Aİ-nin Xarici Siyasət Xidmətin nümayəndəsi Piter Stano deyib.

“Biz Gürcüstan hökumətinə maliyyə yardımımızın dayandırılması imkanını nəzərdən keçiririk”, deyə Stano vurğulayıb.

Stanonun sözlərinə görə, Aİ Gürcüstandakı vəziyyətin son inkişafından ciddi şəkildə narahat olaraq qalır.

“Bu qanunun qüvvəyə minməsi Avropaya inteqrasiya yolunda geri addımdır”, deyə Aİ rəsmisi deyib.

Stano xatırladıb ki, daha əvvəl Aİ Gürcüstana ölkənin müdafiəsini gücləndirmək üçün istifadə edilməsi planlaşdırılan 30 milyon avronun ayrılmasını dondurub.

Avropa İttifaqı həmçinin mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün nəzərdə tutulanlar istisna olmaqla Gürcüstan hakimiyyəti ilə siyasi əlaqələri də azaldıb.

Qeyd edək ki, xarici agentlər haqqında qanun avqustun 1-dən qüvvəyə minib. Qanun gəlirlərinin ən azı 20%-ni xaricdən alan QHT və KİV-lərin “xarici qüvvələrin maraqlarını təşviq edən təşkilatlar” reyestrində qeydiyyatdan keçməsini tələb edir.

Poliqon.info