Türkiyə İsrailin NATO ilə əməkdaşlığını veto edib

Ankara oktyabr ayından etibarən Şimal Alyansı ilə İsrailin əməkdaşlığını əngəlləyir...

Türkiyə 2023-cü ilin oktyabr ayından Qəzza zolağında HƏMAS qruplaşmasına qarşı müharibəyə görə NATO ilə İsrail arasında əməkdaşlığa mane olur.

Poliqon xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri mənbələrə istinadən məlumat yayıb. Məsələ ilə bağlı məlumatlı mənbələr bildiriblər ki, Ankara münaqişə bitənə qədər alyansın İsraillə tərəfdaş kimi əlaqəyə girməməli olduğunu deyir.

Qəzet yazır ki, İsrail NATO tərəfdaşı statusuna malikdir, bu üzdən də hərbi alyans və onun bəzi üzvləri ilə sıx əlaqələr saxlayır. Ən yaxın əməkdaşlıq isə yəhudi dövlətinin ən böyük müttəfiqi olan ABŞ-la aparılır.

Adının açıqlanmasını istəməyən mənbələr Türkiyənin oktyabr ayından bəri NATO-nun İsraillə bütün əməkdaşlığa, o cümlədən birgə görüşlərə və təlimlərə veto qoyduğunu bildirib. Türkiyə hakimiyyəti İsrailin Qəzza zolağında fələstinlilərə qarşı qırğınını NATO-nun təsis prinsiplərinin pozulması kimi qiymətləndirdiklərini bildirib.

Mənbələr qeyd ediblər ki, Türkiyə İsrailin Qəzza zolağındakı hərəkətlərinin beynəlxalq hüququ və universal insan haqlarını pozduğuna inandığı üçün münaqişə bitənə qədər onun NATO ilə əlaqələrini davam etdirməsinə və ya inkişaf etdirməsinə icazə verməyəcək.

Xatırladaq ki, iyulda Vaşinqtonda keçirilən NATO sammitindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun İsrail administrasiyası ilə tərəfdaşlığını davam etdirə bilməyəcəyini deyib.

Poliqon.info