ABŞ zabiti: İran İsraillə genişmiqyaslı müharibədən qorxur...

İran HƏMAS Siyasi Büronun rəhbəri İsmayıl Haniyəyə qarşı əməliyyat xəbərindən sonra İsraillə genişmiqyaslı müharibəyə girməkdən qorxur...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın New York Times qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzet yazır ki, bir yüksək rütbəli ABŞ hərbi zabiti İranın fövqəladə təhlükəsizlik uğursuzluğundan məəttəl qalması ilə yanaşı, İsraillə genişmiqyaslı müharibəyə girməkdən də ehtiyatlandığını bildirib.

New York Times qeyd edir ki, amerikalı rəsmilər İsmayıl Haniyəyə qarşı əməliyyatla bağlı məlumat alan İsrail, Livan, İraq, Qətər, Misir, İordaniya və Səudiyyə Ərəbistanı rəsmiləri ilə əlaqə saxlayıb, zorakılıq spiralının həddən artıq genişlənməsinin qarşısını almaq ümidi ilə günü keçiriblər.

Bundan əvvəl Avropa İttifaqı və ABŞ-ın yüksək rütbəli diplomatlarının İsmayıl Haniyənin öldürülməsindən sonra bölgədə genişmiqyaslı müharibənin baş verməməsi üçün Yaxın Şərqdə təcili danışıqlar apardıqları bildirilib. Mənbələrin məlumatına görə, Aİ-nin xarici siyasət xidmətinin rəhbərinin müavini Enrike Mora dünən, iyulun 31-də Tehranda "kritik əhəmiyyətli" danışıqlar aparıb. Həmin gün ABŞ Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə məsul koordinatoru Brett Makqurk Səudiyyə Ərəbistanında danışıqlar aparıb.

Bu arada, Amerikanın The Wall Street Journal qəzeti yazıb ki, Yaxın Şərqdəki Amerika qüvvələri, eləcə də İsrail ordusu HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı əməliyyatdan sonra İran tərəfindən repressiya riski ilə üzləşə bilər.

Qeyd edək ki, iyulun 31-də Tehranda HƏMAS lideri İsmayıl Haniyə öldürülüb. HƏMAS Haniyənin ölümünü təsdiqləyib. Fələstin tərəfi buna görə İsraili günahlandırıb. Lakin Təl-Əviv bu barədə hələ heç bir açıqlama verməyib.

Poliqon.info