Türkiyə-Ermənistan sərhədindəki keçid məntəqəsi nə vaxt açılacaq?

Ermənistan və Türkiyə sərhəddəki Marqara sərhəd keçid məntəqəsinin açılması üçün siyasi qərar verməlidir...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan Nazirlər Kabinetinin iclasından sonra keçid məntəqəsinin nə vaxt açılacağı ilə bağlı sualı cavablandırarkən bildirib.

Dövlət Gəlirləri Komitəsinin rəhbəri jurnalistlərə xatırladıb ki, keçid məntəqəsi çoxdan üçüncü ölkə vətəndaşlarına xidmət göstərməyə hazırdır. Əslində bu, İrəvan və Ankaranın razılaşdığı məsələdir. Məmur bu məsələ onun səlahiyyətinə aid olmadığından açılış qərarının nə vaxt veriləcəyini bilmədiyini deyib.

Xatırladaq ki, iyulun 30-da iki ölkənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri keçid məntəqəsində görüş keçiriblər. Danışıqlar iki mərhələdə - əvvəlcə Ermənistan ərazisində, sonra Türkiyə ərazisində aparılıb. Görüşün nəticəsi olaraq sərhədin ilkin şərt olmadan açılması niyyəti barədə bəyanat qəbul edilib.

Onu da qeyd edək ki, Ermənistan tərəfi keçid məntəqəsinin modernləşdirilməsi və yenidən təchiz edilməsinə təxminən 750 milyon dram xərcləyib.

Poliqon.info