Tramp: Harris Amerikada kommunizm qurmaq istəyir...

ABŞ-nin vitse-prezidenti Kamala Harris noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, ölkəni kommunist dövlətə çevirməyə çalışacaq...

Poliqon xəbər verir ki, bu fikri Amerikanın keçmiş lideri, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.

“O, uğursuz administrasiyaya rəhbərlik edən uğursuz vitse-prezidentdir. Sizi ümid və dəyişikliyi təmsil etdiyinə inandırmağa çalışır. Bəli, o, dəyişikliyi təmsil edir. O, Amerikanı kommunist ölkəyə çevirmək istəyir. Bizim danışdığımız dəyişiklik də budur”, deyə siyasətçi Pensilvaniyada tərəfdarları qarşısında mitinqdə çıxış edərkən deyib.

Həmçinin çıxışı zamanı Tramp Harrisi “radikal solçu dəli” adlandırıb. Sabiq prezidentin sözlərinə görə, Harris hazırkı prezident Co Baydendən qat-qat təhlükəlidir.

“Çünki Harris Baydendən fərqli olaraq, açıq Amerika sərhədləri və yaşıl gündəm də daxil olmaqla bütün cəfəngiyyatlara həqiqətən inanır”, deyə Tramp vurğulayıb.

Poliqon.info