Harris Trampı hörmətsizlikdə və nifaq salmağa çalışmaqda ittiham edib

Ölkənin ən yüksək vəzifəsinə namizədliyini irəli sürən ABŞ-ın vitse-prezidenti Kamala Harris seçki yarışında əsas rəqibi Donald Trampı hörmətsizlikdə və nifaq salmaq cəhdində ittiham edib...

Poliqon xəbər verir ki, Demokrat partiyasının namizədi Kamala Harris bu barədə Texas ştatının Hyuston şəhərində qaradərili tələbələr tərəfindən təşkil edilən tədbirdə bildirib.

“Donald Tramp Qara dərili Jurnalistlərin Milli Assosiasiyasının illik toplantısında çıxış edib. Bu, eyni köhnə bölgü və hörmətsizlik nümayişi idi”, deyə Harris qeyd edib.

Harris qeyd edib ki, amerikalılar Trampdan daha yaxşısına layiqdirlər.

“Amerikalılar həqiqəti deyən liderə layiqdirlər. Sizlər faktlarla qarşılaşanda düşmənçilik və qəzəblə cavab verməyən liderə layiqsiniz. Biz fikir ayrılıqlarımızın bizi ayırmadığını anlayan bir liderə layiqik. Belə liderlər bizim gücümüzün mənbəyidir”, deyə Harris əlavə edib.

Qeyd edək ki, çərşənbə günü Tramp Qara dərili Jurnalistlərin Milli Assosiasiyasının qurultayında Harrisi tənqid edib. Trampın fikrincə, Harris özünü ancaq bu yaxınlarda qara dərili kimi təqdim etməyə başlayıb və əvvəllər hind mənşəli olmasını irəli sürüb.

“O, həmişə hind əsilli olub. İndi o istəyir ki, hamı onun qaradərili olduğunu düşünsün”, deyə Tramp qeyd edib.

Poliqon.info