Dövlət Departamenti: Haniyənin öldürülməsi Qəzza üzrə dialoqa təsir etməyəcək

ABŞ hakimiyyəti əmindir ki, Qəzza zolağında atəşkəslə bağlı razılığın əldə olunması hətta Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra da mümkündür...

Poliqon xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib. Qeyd edək ki, Haniyə bir gün əvvəl Tehranda İsrailin hücumu nəticəsində öldürülüb.

“Biz israillilərin atəşkəs razılaşması ilə bağlı apardığımız danışıqlarda konstruktiv şəkildə iştirak etdiyini gördük və atəşkəsin əldə oluna biləcəyinə inanmaqda davam edirik”, deyə Dövlət Departamentinin sözçüsü brifinqdə deyib.

Qeyd edək ki, dünən, iyulun 31-də Tehranda HƏMAS lideri İsmayıl Haniyə öldürülüb. HƏMAS Haniyənin ölümünü təsdiqləyib. Fələstin tərəfi bunda iştirakını təsdiqləməyən İsraili günahlandırıb. İran BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. The New York Times qəzeti İranın ali lideri Əli Xamneyinin cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verdiyini yazıb.

Poliqon.info