Aİ və ABŞ Yaxın Şərqdə müharibənin qarşısını almaq üçün danışıqlar aparıblar

ABŞ və Avropanın yüksək səviyyəli diplomatları dünən Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili danışıqlar aparıblar...

Poliqon xəbər verir ki, bu barədə Financial Times (FT) mənbələrə istinadən məlumat yayıb. Nəşr yazır ki, diplomatlar Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra bölgədə genişmiqyaslı müharibədən qaçmağa çalışırlar.

Mənbələrin məlumatına görə, Aİ-nin xarici siyasət xidmətinin rəhbərinin müavini Enrike Mora dünən, iyulun 31-də Tehranda “kritik əhəmiyyətli” danışıqlar aparıb. Həmin gün ABŞ Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə məsul koordinatoru Brett Makqurk Səudiyyə Ərəbistanında danışıqlar aparıb.

“Müzakirələr İranı ya hücuma cavab verməməyə, ya da özünü simvolik hərəkətlərlə” məhdudlaşdırmağa inandırmağa yönəldilib”, deyə adı açıqlanmayan rəsmilər bildirib.

“Dünən gecədən bəri hamı Tehrana cavab verməmək və vəziyyəti cilovlamaq üçün təzyiq edir”, deyə qərbli müzakirəçilərdən biri bildirib.

Qeyd edək ki, dünən, iyulun 31-də Tehranda HƏMAS lideri İsmayıl Haniyə öldürülüb. HƏMAS Haniyənin ölümünü təsdiqləyib. Fələstin tərəfi bunda iştirakını təsdiqləməyən İsraili günahlandırıb. İran BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Poliqon.info