Hizbullah məşhur komandirinin taleyindən xəbərsizdir

Livanın Hizbullah hərəkatı yüksək rütbəli komandir Fuad Şükrün ölümünü hələlik təsdiq edə bilmir...

Poliqon xəbər verir ki, Hizbullahın yaydığı bəyanatda komandirin həqiqətən də İsrail Müdafiə Qüvvələrinin (IDF) hücumuna məruz qalan binada olduğu bildirilir. Lakin Fuad Şükrün sonrakı taleyi məlum deyil.

"Dünən düşmən Beyrutun cənub ətrafına hücum edib və yaşayış binasını vurub. Həmin an Fuad Şükr bu binada idi. Biz hələ də komandirin və digər sakinlərin taleyi ilə bağlı əməliyyatın nəticəsini gözləyirik", deyə Al-Mayadeen telekanalı Hizbullaha istinadən xəbər verib.

Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, Beyrutun kənarındakı hücumda 3 nəfər ölüb, 74 nəfər yaralanıb.

İDF iddia edir ki, Fuad Şükr iyulun 31-nə keçən gecə Beyrutun cənubunda endirilən zərbə nəticəsində öldürülüb. İsrail tərəfinin məlumatına görə, Fuad Şükr Hizbullah lideri Həsən Nəsrullahın sağ əli və hərbi əməliyyatların planlaşdırılması və yönləndirilməsi üzrə müşaviri olub. O, İDF tərəfindən Qolan təpələrindəki Məcdəl Şəms şəhərinə ən azı 12 nəfərin ölümü ilə nəticələnən zərbəyə görə günahlandırılıb. Hizbullah nümayəndələri insidentdə iştirakını etiraf etməyiblər.

Poliqon.info