ABŞ kursunu dəyişdiyinə görə Gürcüstana qarşı yeni sanksiyalar tətbiq edə bilər

Dövlət Departamentinin qeyd edib ki, “Gürcü Arzusu” partiyası geriyə yolun olduğunu aydın bilməlidir...

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirib ki, Birləşmiş Ştatlar hökuməti Tbilisinin yaxın aylarda kursunu dəyişəcəyi gözləntiləri ilə Gürcüstana qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür.

Poliqon xəbər verir ki, O'Brayenbu barədə Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə danışıb:

“Biz bu sahədə əlimizdə olan imkanları fəal şəkildə nəzərdən keçiririk, mən hələ ki, heç nə elan etməyəcəyəm, amma bunu nəzərdən keçiririk”, deyə O'Brayen bildirib.

O'Brayenin sözlərinə görə, söhbət təkcə korrupsiyadan faydalananlardan deyil, həm də insan hüquqlarının pozulmasında əli olanlardan gedir.

ABŞ rəsmisi vurğulayıb ki, hakim “Gürcü Arzusu” partiyası geriyə bir yolun olduğunu aydın bir şəkildə bilməlidir.

Qeyd edək ki, Gürcüstan parlamenti xarici ölkələrin etirazlarına və kütləvi etirazlara baxmayaraq, xarici təsirin şəffaflığı haqqında qanunu qəbul etdikdən sonra Tbilisi ilə Qərb ölkələri arasında münasibətlər mürəkkəbləşib. Bununla bağlı ABŞ gürcü deputat və məmurlarına qarşı bir sıra viza məhdudiyyətləri elan edib.

Poliqon.info