Nazir: Rusiya-Ukrayna müharibəsi 2025-ci ildə də davam edəcək

“Rusiya-Ukrayna müharibəsi 2025-ci ildə də davam edəcək. Ona görə ölkəmizə 15 milyard dollara qədər əlavə vəsait tələb olunur”...

APA-nın məlumatına görə, bunu “RBK-Ukraina”ya müsahibəsində Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib.

O deyib ki, Beynəlxalq Valyuta Fondu (BVF) hazırkı dəstək proqramını hazırlayarkən, müharibənin aktiv fazasının 2024-cü ilin iyununadək davam edəcəyini proqnozlaşdırıb:

“Lakin bu ehtimal özünü doğrultmadı. İndi isə biz tərəfdaşlarımızla hökumətimizə əlavə vəsait ayrılmasını müzakirə edirik. Müharibə 2025-ci ildə də davam edəcəyindən ordunun əlavə ehtiyaclarının ödənilməsi zəruridir. Biz bu yolda son dərəcə çətin qərarların qəbuluna da hazırıq. Artıq tərəfdaşlarımıza ehtiyacımız olan vəsaitin məbləğini göndərmişik. Biz eyni zamanda tərəfdaşlarımızın 2025-ci ilin büdcəsinin formalaşdırılması üçün vəsait ayrılmasını gözləyirik. Tərəfdaş dövlətlərin bu məbləğin maliyyələşdiriləcəyinə dair şifahi təminatları yetərli deyil. Çünki biz Ali Radaya büdcə layihəsini təqdim etməliyik” - maliyyə naziri Sergey Marçenko belə deyib.

İndiyədək BVF-nin qüvvədə olan proqramı çərçivəsində Ukrayna 2027-ci ildək 122 milyard dollar vəsait alacağına dair təminat əldə edib.

Bununla yanaşı, fond uzunmüddətli müharibə şəraitində Ukrayna üçün neqativ maliyyə tələbatı proqnozu verib. Qurumun hesabatında göstərilib ki, Rusiya ilə hərbi qarşıdurma uzun çəksə, Ukraynaya əlavə olaraq 140,7 milyard dollar lazım olacaq.

Qeyd edək ki, “Fitch Ratings” agentliyi də Rusiya-Ukrayna savaşının 2025-ci il ərzində də davam edəcəyi barədə proqnoz verib.

Poliqon.info