Almaniya: Putinin nüvə təhdidləri bizi qorxutmur...

Almaniya, ABŞ-ın Avropada raketlər yerləşdirmək niyyətini təsdiqlədiyi təqdirdə Rusiyanın orta mənzilli nüvə silahlarının istehsalını bərpa edə biləcəyini bildirən Vladimir Putinin təhdidlərindən çəkinməyəcəyini bəyan edib...

Poliqon xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastyan Fişer mətbuat konfransında deyib.

“Bizi belə bəyanatlar qorxutmayacaq”, deyə Fişer vurğulayıb.

Xatırladaq ki, Vaşinqton və Almaniya iyul ayında ABŞ-ın 2026-cı ildə Almaniyaya uzun mənzilli atəş gücü yerləşdirməyə başlayacağını bildirib. Almaniya və ABŞ bunu NATO və Avropanın müdafiəsinə sadiqliyini nümayiş etdirmək məqsədi daşıdığını bəyan ediblıər.

Ötən bazar günü Sankt-Peterburqda dəniz qüvvələrinin paradı zamanı Putin ABŞ-ın hərəkətlərinin “Soyuq Müharibə” tipli raket böhranına səbəb ola biləcəyini qeyd edib.

“Biz özümüzü orta və yaxın mənzilli zərbə silahlarının yerləşdirilməsi ilə bağlı əvvəllər qəbul edilmiş birtərəfli moratoriumdan azad hesab edəcəyik”, deyə Rusiya prezidenti bildirib.

Poliqon.info