Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

"İran hələ də hesab edir ki, "Zəngəzur dəhlizi" ideyası Ermənistanın maraqlarına cavab vermir"...

Oxu.Az-ın Ermənistan mediasına istinadla verdiyi məlumata görə, bu barədə Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə İranın Ali Rəhbəri Əli Xamenei bildirib.

Ayətullah Xamenei Ermənistanın ərazi bütövlüyünün vacibliyini vurğulayıb və qeyd edib ki, İran-Ermənistan münasibətləri digər ölkələrin siyasətindən asılı olmayaraq qarşılıqlı maraqlar əsasında inkişaf edəcək.

O, həmçinin əlavə edib ki, xarici dövlətlər qonşu ölkələr arasındakı münasibətlərə müdaxilə etməməlidirlər.

***

Ermənistanın baş naziri Nikol Paşinyan və İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın görüşü artıq baş tutub.

Oxu.Az-ın verdiyi məlumata görə, Ermənistan hökumətinin Mətbuat Xidməti bununla bağlı görüntüləri yayımlayıb.

Məlumata görə, Paşinyan inaqurasiya mərasimində iştirakının İranla münasibətləri dərinləşdirmək istəyindən xəbər verdiyini bildirib və İİR ilə çoxtərəfli əməkdaşlığın ölkəsi üçün son dərəcə vacib olduğunu vurğulayıb. İİR prezidenti öz növbəsində iki xalqın çoxəsrlik dostluğunun qarşılıqlı fəaliyyət üçün möhkəm təməl olduğunu deyib. O, həmçinin regiondakı vəziyyətə toxunaraq Tehran üçün təhlükəsizlik və sabitliyin əhəmiyyət daşıdığını vurğulayıb və bütün mövcud problemlərin dialoq yolu ilə həllinə çağırıb.

Oxu.Az-ın "Azad İran" "Telegram" kanalına istinadla məlumatına görə, Paşinyan Tehranda İranın ali rəhbəri Ayətullah Əli Xamenei ilə də görüşüb.

***

Ermənistanın baş naziri Nikol Paşinyan Tehranda İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianla görüşüb.

“Report” xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei də Nikol Paşinyanı qəbul edib.

***

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İrana işgüzar səfərə yola düşüb.

“Report” xəbər verir ki, məlumatı “Armenpress” yayıb.

Bildirilib ki, o, İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianla görüşəcək.

Daha sonra N.Paşinyan prezidentin andiçmə mərasimində iştirak edəcək.

Poliqin.info