Vaşinqtonun Monqolustana marağı artıb...

Qərbin Monqolustanda yerləşmək imkanları varmı və sonucda bu qlobal geosiyasətə necə təsir edəcək?..

Siyasi-şərhçi: “İstər ABŞ, istərsə də bütövlükdə Qərb Monqolustanla müəyyən əlaqələr qura bilər. Bu iqtisadi, siyasi əlaqələr ola bilər. Amma hərbi-strateji baxımından Monqolustanla hər-hansı bir əlaqə qurmaq onun coğrafi mövqeyi və yerləşməsi baxımından qeyri-mümkündür”.

“Monqolustan bir tərəfdən Çin, digər tərəfdən isə Rusiya arasında sıxılmış bir ölkədir və onun hər hansı çıxış imkanı yoxdur”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu ABŞ-la Rusiyanın Monqolustana artan marağını Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, ABŞ-la Rusiya müxtəlif bölgələr uğrunda mübarizələrini davam etdirirlər. Rəqabət Cənubi Qazqafdan və Mərkəzi Asiyadan tutmuş Afrika qitəsinə qədər uzanıb. İndi də Vaşinqtonun Monqolustana marağı artıb. Monqolustan Rusiya ilə Çinin arasında yerləşdiyindən Vaşinqton Ulan-Batorla sıx əlaqələr qurmağa qərar verib. Rusiya və Çin də bu vəziyyətdən narahatdırlar.

Demək olarmı ki, ABŞ, Çin və Rusiyanın yeni geosiyasi mübarizə meydanı Monqolustan olur? Ümumi fonda, Qərbin Monqolustanda yerləşmək imkanlarını necə dəyərləndirmək olar və sonucda bu qlobal gərginliyə səbəb ola bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Burada məqsəd Monqolustanın bir bufer zona kimi istifadə olunmasından gedir. Yəni onun Çin tərəfindən tam olaraq mənimsənilməsinin qarşısının alınmasından söhbət gedir”.

Çinin son dövrlər çox aqressiv siyasət yürütdüyünü xatırladan ekspert Poliqon-a açıqlamasında Qərbin Çinin idarə etdiyi regionlarda ona qarşı mübarizə aparmaq lazım olduğunu anladığını qeyd edib:

“Monqolustan özünün coğrafi mövqeyi baxımından Qərb üçün qapalı məkandır. Yəni bu fiziki olaraq qapalı məkandır. İstər ABŞ, istərsə də bütövlükdə Qərb Monqolustanla müəyyən əlaqələr qura bilər. Bu iqtisadi, siyasi əlaqələr ola bilər. Amma hərbi-strateji baxımından Monqolustanla hər-hansı bir əlaqə qurmaq onun coğrafi mövqeyi və yerləşməsi baxımından qeyri-mümkündür.

Monqolustan bir tərəfdən Çin, digər tərəfdən isə Rusiya arasında sıxılmış bir ölkədir və onun hər hansı çıxış imkanı yoxdur. Tutaq ki, Qərb Monqolustanla iqtisadi əlaqələr qurdu. Bu zaman əlbəttə ki, Rusiya ərazisindən istifadə olunmayacaq. Bunun üçün Çin ərazisindən istifadə oluna bilər.

İkinci bir tərəfdən, Çin də Monqolustana daha əlverişli təkliflər irəli sürə bilər. Yəni rəqabət imkanlarından söhbət gedir. Amma tutaq ki, Qərb Monqolustanla hərbi, strateji, siyasi əməkdaşlıq qurmağa başlayanda əlbəttə ki, istər Çin, istərsə də Rusiya bunun qarşısını alacaq. Dediyim kimi, bu da çoğrafi səbəblərə görə olacaq.

Ərəstun Oruclu: “Qərb Monqolustanla hərbi, strateji, siyasi əməkdaşlıq qurmağa başlayanda əlbəttə ki, istər Çin, istərsə də Rusiya bunun qarşısını alacaq”.

Burada məqsəd Monqolustanın bir bufer zona kimi istifadə olunmasından gedir. Yəni onun Çin tərəfindən tam olaraq mənimsənilməsinin qarşısının alınmasından söhbət gedir. Çünki Çin son dövrlər çox aqressiv siyasət yürüdür. Qərb də anlayır ki, Çinin idarə etdiyi regionlarda ona qarşı mübarizə aparmaq lazım. Amma dediyim kimi bu mübarizənin şansları o qədər də böyük deyil.

ABŞ Dövlət Departamentinin ikitərəfli ABŞ-Monqolustan strateji tərəfdaşlığı haqqında sənətində də məhz iki bənd göstərilib.

1. İqtisadi əlaqələrin qurulması;

2. İnsanlar arası ünsiyyətin genişləndirilməsi.

Yəni orada siyasi əməkdaşlıq, yaxud da hərbi əməkdaşlıq yoxdur. Çünki Çinin, Rusiyanın buna reaksiyası nəzərə alınıb”.

Nərminə UMUDLU Poliqon.info