Bloomberg: Koreya yarımadasındakı müharibə dünyaya 4 trilyon dollara başa gələ bilər

Koreya yarımadasında tammiqyaslı münaqişə ilk ildə dünya iqtisadiyyatına 4 trilyon dollar və ya ÜDM-in 3,9%-nə başa gələ bilər ki, bu da Rusiya ilə münaqişənin Ukraynaya vurduğu xərcdən iki dəfə artıqdır...

Poliqon xəvər verir ki, Koreya yarımadasındakı hipotetik ssenarinin bu cür təxminlərini Bloomberg Agentliyi təqdim edib.

Agentlik yazır ki, Şimali və Cənubi Koreya arasında tammiqyaslı müharibə ehtimalı çox azdır, lakin sıfıra bərabər deyil.

Bloomberg analitikləri deyirlər ki, Şimali Koreyanın Rusiya ilə "Soyuq müharibə" dövründəki tərəfdaşlığının canlanması və ölkələr arasında yeni müdafiə paktı Ukrayna münaqişəsi və Çinin Tayvanı təhdidləri ilə artıq sarsıdılmış dünyaya daha bir risk əlavə edib.

Məqalədə Seulun Şimali Koreya artilleriyasının əhatə dairəsində olduğu bildirilir. Burada təxminən 26 milyon insan yaşayır. Paytaxt və ətraf rayonlar Cənubi Koreyanın çip istehsalının 81%-ni və ümumi sənaye məhsulunun 34%-ni təşkil edir. Bu məhsullar Çin, Yaponiya, Avropa və ABŞ-a göndərilir.

Cənubi Koreyanın elektronika ixracı dayandırılarsa, bu, dünya iqtisadiyyatına şok dalğaları göndərəcək. Çünki Cənubi Koreya dünyada fabriklərdə istifadə olunan bütün elektron komponentlərin 4%-ni və yaddaş çiplərinin təxminən 40%-ni istehsal edir. 2022-ci ildə yarımkeçiricilərdən əsas xammal kimi istifadə edən elektronika və avtomobil kimi sektorlar Tayvanın ÜDM-nin 30%-ni, Çinin 11%-ni və Yaponiyanın 8%-ni təşkil edib.

Cənubi Koreyanın nüvə məsələləri üzrə xüsusi nümayəndəsi Vi Sunq Lak bildirib ki, yaxın illərdə Koreya yarımadasında toqquşma ehtimalı təxminən 30% təşkil edir və istənilən toqquşma daha böyük münaqişəyə çevrilə bilər.

"Mən bunu Sovet İttifaqının dağılmasından bəri ən ciddi vəziyyət adlandırardım", deyə ekspert bildirib.

Poliqon.info