Miley: Argentina Maduronun qələbəsini tanımır...

Argentina hazırkı prezident Nikolas Maduronun qalib gəldiyi Venesuelada seçkilərin nəticələrini tanımır...

Poliqon xəbər verir ki, bu barədə Argentina prezidenti Xavyer Miley X sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Dünya Maduro hökumətinin məğlubiyyətini etiraf etməsini gözləyir”, deyə Miley yazıb.

Mileyin sözlərinə görə, məlumatlar müxalifətin əzici qələbəsini göstərir. Argentina prezidenti bununla bağlı əlavə edib ki, onun ölkəsi daha bir seçki saxtakarlığını rədd edir.

Xatırladaq ki, Maduronun qərargahı qələbəsini elan edərək, hamını Milli Seçki Şurasının (CNE) rəsmi nəticələrini gözləməyə çağırıb.

Qərargah həmçinin seçkilərin “tam sükut və əmin-amanlıq şəraitində” keçirilməsini təmin edən seçki sisteminin “qüsursuz işinə” görə Milli Seçki Şurasına təşəkkür edib.

Venesuela prezidentliyinə əsas namizədlər hazırkı dövlət başçısı Nikolas Maduro və sağçı partiyaların namizədi Edmundo Qonzales hesab olunur.

Poliqon.info