Maduronun qərargahı seçkilərdə qalib gəldiklərini elan edib

Maduronun qərargahı hazırkı prezidentin Venesuelada keçirilən prezident seçkilərində qalib gəldiyini elan edib...

Venesuela prezidentliyinə namizəd Nikolas Maduronun qərargahı qələbəsini elan edərək, hamını Milli Seçki Şurasının rəsmi nəticələrini gözləməyə çağırıb.

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb.

Maduronun seçki qərargahının rəhbəri, parlamentin spikeri Xorxe Rodriges səsvermədə iştirak etdikləri üçün vətəndaşlara minnətdarlığını bildirib.

“Sizə ürəkdən təşəkkür edirik. Yekun nəticələri açıqlaya bilməsək də, üzümüzü sizə göstərə bilərik. Bu qələbə bizim hamımızındır və gələcəyimiz üçün əsas olacaqdır. Təbii ki, biz Milli Seçki Şurasının nəticələrini gözləməliyik, çünki biz ölkəmizin qanunlarına və Venesuela Bolivar Respublikasının Konstitusiyasına hörmət edirik”, deyə Rodriges bildirib.

Qərargah həmçinin seçkilərin “tam sükut və əmin-amanlıq şəraitində” keçirilməsini təmin edən seçki sisteminin “qüsursuz işinə” görə Milli Seçki Şurasına təşəkkür edib.

Bundan əvvəl Maduro ölkədəki prezident seçkilərinin nəticələri ilə bağlı seçki komissiyasının qərarına hörmətlə yanaşacağını vəd edib.

Poliqon.info