İsrailin xarici işlər naziri Ərdoğanı Səddam Hüseynlə müqayisə edib

İsrailin xarici işlər naziri yəhudi dövlətinə əsgər göndərilməsi ilə bağlı söylədiklərindən sonra Ərdoğanı Səddam Hüseynlə müqayisə edib...

Poliqon xəbər verir ki, İsrailin xarici işlər naziri İsrael Kats Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın türk hərbçilərinin İsrail ərazisinə daxil olması ilə bağlı açıqlamalarına münasibət bildirib. Kats Türkiyə prezidentini İraqın keçmiş prezidenti Səddam Hüseynlə müqayisə edərək, onun “sonuncunun yolunu davam etdirdiyini” deyib.

“Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücumla hədələyir. O, sadəcə, orada nə baş verdiyini və hər şeyin necə bitdiyini xatırlamalıdır”, deyə Kats X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, iyulun 28-i axşam Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə “bir vaxtlar Liviya və Qarabağa girdiyi kimi” İsrailə də girə bilər. Onun sözlərinə görə, Türkiyənin bunu etməməsi üçün heç bir səbəb yoxdur.

Xatırladaq ki, 2020-ci ilin yanvarında Türkiyə prezidenti Liviyanın Milli Razılıq Hökumətinə dəstək üçün bu ölkəyə qoşun göndəriləcəyini açıqladı. Həmin ilin payızında Türkiyə Qarabağ ərazisində Ermənistanla müharibədə Azərbaycanı dəstəkləyib.

Poliqon.info