Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Elm və Təhsil naziri Emin Əmrullayevlə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə arasındakı qarşıdurma sona çatıb. Tərəflərin hətta çox gözəl anlaşdığını söyləmək mümkündür.

Yenisabah.az xatırladır ki, Emin Əmrullayevlə Məleykə Abbaszadə arasındakı konflikt son 2-3 ildə Azərbaycan mətbuatının aparıcı mövzularından biri olub. Yerli media dəfələrlə hər iki yüksə rütbəli məmurun yola getmədiyinə və konflikt yaşadıqlarına dair iddialarla çıxış edib. Buna səbəb kimi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış və blok imtahanlarında sualların həddən artıq çətin olması göstərilirdi. Elm və Təhsil Nazirliyinin yetkililəri, o cümlədən, bu qurumun nüfuzunun qeydinə qalan təhsil ekspertləri və nazirliyə yaxın olan şəxslər birmənalı şəkildə DİM rəhbərliyini proqramdan kənar sullar salmaqda ittiham edirdilər.

Qeyd edək ki, son illər abituriyentlərin buraxılış və blok imtahanlarında göstərdikləri nəticələrə görə Elm və Təhsil Nazirliyi vaxtaşırı tənqid olunurdu. Riyaziyyatdan və Azərbaycan dili fənnindən tələbələrin 50 faizindən çoxunun “2” alması nazirliyə qarşı ittihamları daha da sərtləşdirmişdi.

Bu da daha çox Emin Əmrullayevin rəhbərlik etdiyi qurumun sualları proqramdan kənar tərtib etməsi ilə əlaqələndirilirdi.

Bu il isə fərqli situasiyanın şahidi olduq: həm buraxılış, həm də blok imtahanlarının hər iki cəhdində abituriyentlər gözlənildiyindən qat-qat yaxşı nəticələr göstərdilər. Hətta 50-dən çox abituriyentin maksimum nəticə göstərdiyinin şahidi olduq.

Məleykə Abbaszadə ilə Emin Əmrullayev arasında “buzlar” birdən-birə necə əridi?

Abituriyentlərin yüksək nəticə göstərməsi nə ilə bağlıdır?

“Yeni Sabah” bununla bağlı maraqlı məlumat əldə edib. DİM rəhbərliyində təmsil olunan şəxslərdən biri saytımıza açıqlamasında deyib ki, hər iki məmur artıq barışıb. Onlar öz aralarında müzakirə apararaq konflikti kənara qoyub, incikliyi unudublar və bu il buraxılış və blok imtahanlarının sualları hazırlanarkən Elm və Təhsil Nazirliyinin rəyləri də nəzərə alınıb. Hətta Elm və Təhsil Nazirliyinin ekspertləri prosesdə qeyri-rəsmi formada iştirak ediblər.

Mənbə Əmrullayev-Abbbaszadə cütlüyünün barışmasının səbəbini də izah edib. Bildirib ki, iki məmur arasında konflikt son bir neçə ildə onların hədəfə götürülməsi ilə nəticələnib. Media tez-tez hər iki məmurun fəaliyyətini təftiş edib və nəticədə nöqsanlar vaxtaşırı gündəmdə olub. Bu isə həm Emin Əmrullayevin, həm də Məleykə Abbaszadənin fəaliyyətinə kölgə salırdı. Hətta yerli mətbuatda hər iki yüksək vəzifəli məmurun tezliklə istefaya göndəriləcəyinə dair iddialar yer alırdı.

Bu təhlükəni nəzərə alan cütlük kompramisə gəlib və nəticədə üzərlərində “tənqid buludu”nu dağıtmağa müvəffəq olublar.

Məlumatlı şəxs sonda qeyd edib ki, Məleykə Abbaszadənin yenidən Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının sədri seçilməsi ona göstərilən etimad kimi qiymətləndirilə bilər.

Emin Əmrullayevin kariyerası ilə bağlı isə hələlik hər hansı ciddi təhlükə yoxdur.

Əvvəl dalaşan, sonra barışan məmurlar kompramisə gəlməklə kariyeralarını gözləyən təhlükəni sovuşdura bilibilər.

Poliqon.info