ABŞ-ın İraqdakı bazası raket hücumuna məruz qalıb

İraqın qərbindəki Ənbar əyalətindəki Amerikanın “Ayn əl-Əsəd” bazası raket hücumuna məruz qalıb...

Poliqon xəbər verir ki, bu barədə İraqın “Shafaq News” qəzeti təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə isə ABŞ hərbçilərinin də yerləşdiyi aviabazaya ən azı iki raket atılıb. Raketlərin növü açıqlanmır. İlkin məlumata görə, xəsarət alan olmayıb.

“Biz təsdiq edə bilərik ki, zərbə bazadan kənarda baş verib və heç bir dağıntı və tələfat olmayıb. İndiki mərhələdə bizdə nə qədər raketlər buraxıldığı barədə məlumat yoxdur”, deyə Pentaqonun sözçüsü məlumatı şərh edərkən bildirib.

Xatərladaq ki, 2023-cü ilin sonundan İranın dəstəklədiyi qruplar bir neçə aydır ki, Suriya və İraqdakı Amerika bazalarına hücum edir. Hücumlar 2024-cü ilin fevralında səngiyib. Aprel ayında Suriya bazasına yenidən ən azı 5 raket atılıb. ABŞ hücumda istifadə edilən raket buraxılış qurğusuna qarşı hava hücumu ilə cavab verib.

Poliqon.info