Harris Netanyahunu HƏMAS-la tez bir zamanda razılaşmağa çağırıb

ABŞ-ın vitse-prezidenti Kamala Harris Vaşinqtonda olan İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb...

Poliqon xəbər verir ki, Kamala Harris bu barədə X sosial şəbəkəsində yazıb. Görüşdən sonra isə ABŞ-ın vitse-prezidenti mətbuat konfransı keçirib. Harris qeyd edib ki, Netanyahunu Qəzza zolağında atəşkəslə bağlı Fələstinin HƏMAS hərəkatı ilə tez bir zamanda razılaşmağa çağırıb.

“Mən baş nazirə Qəzza zolağında çoxlu sayda mülki itki də daxil olmaqla ciddi narahatlığımı bildirdim. Mən həmçinin 2 milyondan çox insanın qida çatışmazlığı ilə, yarım milyon insanın isə fəlakətli səviyyədə kəskin qida çatışmazlığı ilə üzləşdiyi Qəzzada ağır humanitar şəraitdən narahatlığımı ifadə etdim”, deyə xanım Harris görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

ABŞ vitse-prezidenti İsrail və HƏMAS arasında atəşkəs üçün Amerika prezidenti Co Baydenin təklif etdiyi layihəni dəstəkləyib.

“Mən indicə baş nazir Netanyahuya dedim ki, bu razılaşmanın vaxtı çatıb”, deyə Kamala Harris vurğulayıb.

Poliqon.info