Azərbaycanla Serbiya arasında ticarət dövriyyəsinin artırılması müzakirə olunub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 25-də Serbiya Respublikasının mədəniyyət naziri, iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb...

Nazirlər Kabinetindən Poliqon-a verilən xəbərə görə, görüşdə zəngin tarixə malik Azərbaycan-Serbiya dostluq və strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Ticarət-iqtisadi, investisiya, neft-qaz, sənaye sahələrində fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Dövlət başçıları arasında əldə olunan razılaşmaların praktiki icrasının qarşılıqlı faydalı tərəfdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Tərəflər Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasının önəminə toxunublar.

Görüşdə həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Poliqon.info