Kral ailəsinin qazancı açıqlanıb: Yeni helikopter alacaqlar...

Britaniya kral ailəsi maliyyə hesabatını təqdim edib...

Poliqon bu barədə BBC News-a istinadən xəbər verir.

Sənəddə deyilir ki, il ərzində tac mülklərindən əldə olunan gəlir 1,1 milyard funt-sterlinqə qədər artıb. Artımın əsas səbəbi bu yaxınlarda kral ailəsinin mülkiyyətinə daxil olan altı yeni külək stansiyaları olub.

Britaniya monarxı, qanuna görə, bu gəlirlərdən 12% pay alır. Qalanı isə dövlət xəzinəsinə gedir.

Mənfəətin artması o deməkdir ki, dövlət yeni maliyyə ilində xərclər üçün monarxlara daha böyük məbləğ ayırmalı olacaq. Belə ki, gələn il kral ailəsinin fəaliyyəti üçün fond əvvəlki ilə nisbətən 45 milyon funt-sterlinq artaraq 132 milyon funt-sterlinq olacaq.

Bu vəsaitin bir hissəsi Bukingem sarayının təmirinə sərf olunacaq. Bundan əlavə, gələn il kral ailəsi təxminən 15 il əvvəl alınmış köhnəni əvəz edərək iki yeni helikopter almağı planlaşdırır.

Britaniya şahzadəsi Uilyam 2023-2024-cü illər arasında 30 milyon dollar qazanıb. III Çarlzın böyük oğlu bu məbləği 2022-ci ilin sentyabrında kral olduqdan sonra atasından miras qalan Kornuolldakı malikanəsindən alıb. Bu pul şahzadə Uilyam və Keyt Middletona, eləcə də onların üç övladına - şahzadə Corc, şahzadə Şarlotta və şahzadə Luiyə dəstək üçün gedir.

Kornuoll malikanəsi 1337-ci ildə kral III Edvard tərəfindən taxtın varisinin gələcək nəsillərini maliyyələşdirmək üçün təsis edilib. Buraya 20-dən çox əyalət daxildir və dəyəri 1 milyard dollardan çoxdur.

2022-ci ilə qədər "Crown"un aktivləri və mülkləri, Bukingem və Kensinqton sarayları kimi məşhur mülklər, həmçinin London və Böyük Britaniyanın digər bölgələrindəki torpaqlar və mülklər də daxil olmaqla 34,3 milyard dollar dəyərində qiymətləndirilib.

Poliqon.info