Manila körfəzində göyərtəsində 1,4 milyon litr mazut daşıyan tanker batıb

Manila körfəzində Filippin bayrağı altında 1,4 milyon litr mazut daşıyan tanker çevrilərək batıb...

Poliqon xəbər verir ki, Filippinin Nəqliyyat Katibi Xayme Bautistanın sözlərinə görə, 17 ekipaj üzvündən 16-sı xilas edilib, bir nəfər isə itkin düşüb.

ABS-CBN News telekanaılkının məlumatına görə, “MT Terra Nova” tankeri bir gün əvvəl paytaxt bölgəsini vuran Qaemi qasırğasının səbəb olduğu güclü yağışlar səbəbindən çevrilmiş ola bilər. Hazırda mazut dağılma yerində 3,7 km uzunluğunda lay əmələ gəldiyi, şərq və şimal-şərq istiqamətində hərəkət etdiyi bildirilir. Telekanal bildirir ki, qəzanın nəticəsinin lokallaşdırılması üçün dəniz ətraf mühitin mühafizəsi üzrə mütəxəssislər səfərbər edilib.

Reuters Agentliyinin məlumatına görə, son səkkiz ilin ən güclüsü olan Qaemi tayfunu Filippini bir gün əvvəl, iyulun 24-də vurub. Güclü yağışlar nəticəsində ölkənin paytaxtı Manila və ətraf şəhərləri su basıb.

Hakimiyyət bölgədə məktəbləri, ofisləri bağlayıb və fövqəladə vəziyyət elan edib. Fırtına həmçinin mövsümi musson yağışlarını artıraraq sürüşmə və daşqınlara səbəb olub. Agentliyin məlumatına görə, azı 12 nəfər həlak olub, 600 minə yaxın insan təxliyə edilib.

Tayvanda Qaemi qasırğası nəticəsində 2 nəfər ölüb, 201 nəfər yaralanıb. Təxminən 340 min ev elektrik enerjisinin kəsilməsi ilə üzləşib. Çinin cənub-şərqində 150 mindən çox insan təxliyə edilib. Bir neçə əyalət fövqəladə tədbirlər tətbiq edib.

Poliqon.info