Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığını yoxladı - Fotolar

Müdafiə naziri general-polkovnik Zakir Həsənov əsaslı təmirdən çıxaraq daha güclü mühərrik və qurğularla təmin edilən Hərbi Dəniz Qüvvələrinin gəmilərinə baxış keçirib
Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, hərbi gəmilərin daimi yerləşmə məntəqəsinə gələn naziri Hərbi Dəniz Qüvvələri komandanının vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov qarşılayıb və gəmilərin hazırlığı barədə nazirə məruzə edib.Hərbi gəmilərin taktiki-texniki xüsusiyyətləri, silahlanması, düşmənə qarşı mübarizə vasitələri, komanda məntəqələri, o cümlədən təhlükəsizlik, qəza-xilasetmə, maddi-texniki təminat bölmələri barədə müdafiə nazirinə məlumat verilib. Bildirilib ki, gəmi heyətinin yerləşməsi, qidalanmasının təşkili, vaxta xidmətinin aparılması, həmçinin həyati vacib digər qurğular yenidən təşkil edilməklə şəxsi heyətin müasir standartlara cavab verən şəraitdə xidmət keçməsi təmin olunub.Sonra gəmilərin daimi yerləşmə məntəqəsindən dənizə çıxışı həyata keçirilib. Tapşırığa əsasən, şərti terrorçuların ələ keçirdiyi gəminin şəxsi heyətinin xüsusi təyinatlılar tərəfindən azad edilməsi elementi icra olunub.Gəmilərin ümumi vəziyyətini və şəxsi heyətin bacarıqlarını müsbət qiymətləndirən Zakir Həsənov bildirib ki, bütün bu nailiyyətlər prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində əldə edilib. Nazir Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığının daha da artırılması və gəmi heyətinin sosial şəraitinin yaxşılaşdırılması barədə müvafiq göstəriş və tapşırıqlarını verib.