Netanyahu həm Baydenə, həm də Trampa təşəkkür edib

İsrailin baş naziri Benyamin Netanyahu Konqresdəki çıxışı zamanı ABŞ prezidenti Co Baydenə və sabiq prezident Donald Trampa təşəkkür edib...

Poliqon CNN telekanalına istinadən xəbər verir ki, Netanyahu çıxışında hər iki liderlə dostluöunu vurğulayıb.

“Prezident Bayden və mən bir-birimizi 40 ildən artıqdır ki, tanıyırıq. Mən ona İsraillə yarım əsrlik dostluğuna və özünün dediyi kimi qürurlu bir sionist olduğuna görə təşəkkür etmək istəyirəm. Əslində, özünün dediyi kimi, qürurlu irlandiyalı amerikalı sionistdir”, deyə Netanyahu bildirib.

Netanyahu həmçinin Baydenə girovları qorumaq üçün yorulmaz səylərinə və girovların ailələrinə göstərdiyi köməyə görə də təşəkkür edib.

“Prezident Baydenə İsrailə ürəkdən dəstəyinə görə təşəkkür edirəm. Oktyabrın 7-də amansız hücumdan sonra o, haqlı olaraq HƏMAS-ı “mütləq şər” adlandırdı. O, daha böyük müharibənin qarşısını almaq üçün Yaxın Şərqə iki təyyarədaşıyan gəmi göndərdi və ən qaranlıq anımızda bizə dəstək olmaq üçün İsrailə gəldi və bu səfər heç vaxt unudulmayacaq”, deyə Netanyahu bildirib.

İsrailin baş naziri Birləşmiş Ştatların vəziyyəti ilə bağlı çıxışı zamanı keçmiş ABŞ prezidenti Donald Trampa da minnətdarlığını bildirib.

“Mən həmçinin, İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanımasından tutmuş, Qüdsü paytaxt olaraq tanımasına və Amerika səfirliyinin ora köçürülməsinə qədər, İsrail üçün etdiyi hər şeyə görə prezident Trampa təşəkkür etmək istəyirəm”, deyə Netanyahu qeyd edib.

Baş nazir əlavə edib ki, Trampın iyulun 13-də Pensilvaniyada keçirilən mitinqdə sui-qəsd cəhdindən sağ çıxdığı üçün amerikalılar kimi israillilər də rahatladılar.

Poliqon.info