Netanyahu: İsrail və ABŞ İrana qarşı NATO kimi ittifaq yarada bilər...

Benyamin Netanyahu ABŞ-a Yaxın Şərqdə NATO-nun analoqunu yaratmağı təklif edib...

Poliqon xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə günü, iyulun 24-də ABŞ-ı Yaxın Şərqdə yeni ittifaq yaratmağa çağırıb. Siyasətçinin fikrincə, yeni blok NATO strukturunun analoquna çevrilməli və İrandan gələn “təhdidlərə” qarşı durmaq üçün yaradılmalıdır.

Netanyahu ABŞ Konqresinin hər iki palatasının birgə iclasındakı çıxışı çərçivəsində öz təklifini irəli sürüb. O, ötən əsrin tarixini, daha doğrusu İkinci Dünya Müharibəsindən sonrakı dövrü xatırladıb.

“Müharibədən sonra Amerika artan sovet təhdidinə qarşı Avropada təhlükəsizlik ittifaqı yaratdı, eyni şəkildə Amerika və İsrail də bu gün İrandan gələn təhlükəyə qarşı çıxmaq üçün Yaxın Şərqdə təhlükəsizlik ittifaqı yarada bilər”, deyə Netanyahu Konqresdəki çıxışında buildirib.

İsrailin baş naziri qeyd edib ki, bölgədə İsraillə münasibətləri normallaşdıran istənilən ölkə siyasətçinin təklif etdiyi alyansa qoşula biləcək. Lakin bu müdafiə təşkilatı İsrailin təhlükəsizlik məsələlərini ön planda tutmalıdır.

“Qələbəmizdən sonra regional tərəfdaşların köməyi ilə Qəzzanın demilitarizasiyası və deradikallaşdırılması təhlükəsiz gələcəyə, firavanlığa və sülhə gətirib çıxaracaq”, - deyə İsrail hökumətinin başçısı sözlərini yekunlaşdırıb.

Poliqon.info