Bayden Netanyahu ilə görüşündə ondan HƏMAS-la razılaşma tələb edəcək

ABŞ prezidenti Co Bayden Vaşinqtona gələn İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə girovların azad edilməsi ilə bağlı HƏMAS-la razılaşma tələb edəcək...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın “Axios” portalı mənbələrə istinadən məlumat yayıb. Portalın məlumatına görə, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan amerikalı girovların ailələrinə məlumat verib.

“Müqavilə bağlamaq mümkündür və indi bunu etmək vaxtıdır. İstirahət etməyə vaxtımız yoxdur. Netanyahunun ləngidiyini hiss etsək, bunu deyəcəyik. Hazırda bu, belə deyil”, deyə adı açıqlanmayan amerikalı məmur nəşrə bildirib. Mənbənin sözlərinə görə, Co Bayden mümkün qədər tez razılığa gəlmək üçün Benyamin Netanyahu ilə sövdələşmə üzrə həll olunmamış qalan məsələləri müzakirə edəcək.

“Axios” mənbəsi qeyd edib ki, liderlərin görüşündə məqsəd razılığa gəlmək üçün lazım olan “boşluqları aradan qaldırmaq” olub.

Qeyd edək ki, Benyamin Netanyahu bu gün, iyulun 25-də Co Baydenlə danışıqlar aparacaq. Həmçinin bu gün İsrailin baş naziri ABŞ-ın vitse-prezidenti, dövlət başçısı postuna potensial namizəd Kamala Harrislə görüşəcək.

Xatırladaq ki, üç mərhələli atəşkəs sazişi layihəsi ikinci mərhələdə tərəflərin 116 israilli girovun azad edilməsi üçün İsrail qoşunlarının Qəzzadan tamamilə çıxarılması və hücumların tamamilə dayandırılması barədə razılığa gəlməsini nəzərdə tutur. Lakin bu ifadə döyüşlərin qeyri-müəyyən şəkildə dayandırılmasına, eləcə də anklavda nəzarətin yaraqlılara verilməsinə qarşı çıxan İsraili qane etmir. Bu plan üzrə danışıqların başlanmasından təxminən iki ay sonra tərəflər razılaşıblar ki, ikinci mərhələdə sektorda “müvəqqəti idarəetmə” tətbiq olunacaq.

Poliqon.info