Trampa güllə atan şəxs Kennedi sui-qəsdi ilə bağlı məlumat toplayıb

Sui-qəsd cəhdindən az əvvəl Pensilvaniya ştatında keçirilən mitinqdə Donald Trampı güllələyən 20 yaşlı Tomas Metyu Kruks ABŞ-ın 35-ci prezidenti Con Kennedini vuraraq öldürən Li Harvi Osvaldın hansı məsafədə olduğunu öyrənməyə çalışıb...

Poliqon CNN telekanalına istinadən xəbər verir ki, bu barədə Federal Tədqiqat Bürosu məlumat yayıb. Müvafiq Google sorğusu iyulun 6-na təsadüf edir. Trampa sui-qəsd isə iyulun 14-də baş verib.

FTB direktoru Kristofer Reyin sözlərinə görə, atəş açan şəxsin axtarış sorğuları haqqında məlumat Tomas Metyu Kruksun noutbukunu yoxladıqdan sonra əldə edilib.

“Bu axtarışın onun ruhi vəziyyəti baxımından əhəmiyyəti var. Bu, o, mitinq üçün qeydiyyatdan keçdiyi gündür. Gəncin motivləri hələ də araşdırılır”, deyə Rey Konqresdəki dinləmələrdə bildirib..

Kristofer Rey qeyd edib ki, Donald Tramp mitinqdə çıxış etməzdən təxminən iki saat əvvəl Tomas Metyu Krkus səhnənin yaxınlığında pilotsuz uçan aparatı işə salıb. O, təxminən 11 dəqiqə havada qalıb, sonra atəş açan şəxsin maşınının yanında tapılıb. Müstəntiqlər avtomobildə iki partlayıcı qurğu aşkar ediblər. Digər partlayıcı isə onun mənzilindən tapılıb.

Qeyd edək ki, Tomas Metyu Kruks podiumdan təxminən 120 metr aralıda yerləşən binanın damından AR-15 tüfəngindən səkkiz dəfə atəş açıb. O, silahı atasından alıb. Gənc ən azı bir il idi ki, atıcılıq klubunun üzvü olub. Səkkizinci atışdan sonra o, Məxfi Xidmət snayperi tərəfindən öldürülüb. Sui-qəsd nəticəsində Donald Tramp sağ qulağından yaralanıb, mitinq iştirakçılarından biri ölüb, ikisi isə yaralanıb.

Poliqon.info