Makron Rusiya və İsrailin Olimpiadada iştirakı şərtlərindəki fərqi açıqlayıb

Fransa prezidenti Emmanuel Makron 2024-cü il Yay Olimpiya Oyunlarına Rusiya və İsraildən idmançıların buraxılması arasındakı fərqi açıqlayıb...

Poliqon bu barədə Le Monde qəzetinə istinadən xəbər verir.

"Vəziyyət kökündən fərqlidir. İsrail terror hücumuna cavab verib. Qəzzada bizim də qınadığımız hücumları onlar həyata keçirir. Bu, aqressiv müharibə deyil", deyən Makron Rusiya idmançılarının Olimpiadada iştirakı ilə bağlı qərarı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) verdiyini xatırladıb.

Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq idman federasiyalarına müraciət edərək, Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib. 2023-cü ilin sonunda təşkilat rus və belarusların 2024-cü il Olimpiya Oyunlarına neytral idmançı kimi qəbul edilməsi barədə qərar qəbul edib. İştirak etmək üçün onlar bir sıra tələbləri yerinə yetirməli və vəsiqə qazanmalı idilər.

İyulun 18-də BOK 2024-cü il Olimpiya Oyunlarına buraxılmış rusiyalı idmançıların tam siyahısını dərc edib. Cəmi - 15 nəfər.

Poliqon.info