Erkən evliliklə bağlı mərasimlərin keçirildiyi restoran və şadlıq sarayları cərimələnəcək

Yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsinə görə yeni cəzalar müəyyənləşib...

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 189-2-ci maddədə əksini tapıb.

Qanuna əsasən, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan doqquz min manatadək məbləğdə cərimə ediləcək.

Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə cərimə ediləcək.“Erkən evlilik” dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.

Poliqon.info