Gürcüstanın DTX Bidzina İvanişviliyə qarşı terror aktının hazırlanmasını araşdırır

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkədə hakim Gürcü Arzusu Partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı terror aktının hazırlanması ilə bağlı işi araşdırır...

Poliqon xəbər verir ki, bu barədə Gürcüstanın İmedi telekanalı məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşlərdə iştirak edən gürcü hərbçi Gürcüstanın hakim partiyasının rəhbərinə qarşı terror aktının dövlət kəşfiyyatı tərəfindən araşdırılması ilə bağlı suala cavabında bildirib: "Bəli, bu düzdür".

Bundan əvvəl DTX-nın Gürcüstanın Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşlərdə iştirak etdikdən sonra Ukraynadan qayıdan vətəndaşları dindirməyə başladığı bildirilirdi. Jurnalistlərin məlumatına görə, iki gürcü əsgəri dindirilmək üçün Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb.

Sonradan məlum olub ki, Ukrayna münaqişəsində iştirak etmiş daha bir hərbçi dindirilməyə çağırılıb. Jurnalistlər sorğunun kütləvi iğtişaşlar və dövlət çevrilişi ilə bağlı cinayət işinin istintaqı çərçivəsində aparıldığını müəyyən ediblər.

Qeyd edək ki, Bidzina İvanişvili 2011-ci ildən siyasətlə məşğuldur. Gürcüstanda 1 oktyabr 2012-ci il parlament seçkilərində onun rəhbərlik etdiyi Gürcü Arzusu-Demokratik Gürcüstan seçki bloku deputat yerlərinin yarıdan çoxunu qazana bilib. Həm Rusiya, həm də Fransa vətəndaşlığı olan İvanişvilini "Forbes" jurnalı 2012-ci ildə Gürcüstanın ən varlı adamı elan edib. Gürcüstan baş naziri ola bilmək üçün İvanişvili 2012-ci ilin oktyabr ayında Rusiya və Fransa vətəndaşlığından çıxıb və təkrar Gürcüstan vətəndaşlığı alıb. Rusiyapərəst siyasətçi kimi tanınan İvanişvili 25 oktyabr 2012-ci ildən 20 noyabr 2013-cü ilədək Gürcüstanın baş naziri olub.

Poliqon.info