Dövlət çevrilişinə cəhdin təşkilatçısı 182 il müddətinə azadlıqdan məhrum edilib

2023-cü il noyabrın 26-da Syerra Leonedə uğursuz dövlət çevrilişi cəhdinin təşkilatçılarından biri Amadu Koita Makalo 182 il müddətinə azadlıqdan məhrum edilib...

Poliqon xəbər verir ki, bu barədə yerli AYV News telekanalı məlumat yayıb.

Müxalifət lideri və keçmiş Syerra Leone prezidenti Ernest Bey Koromanın keçmiş mühafizəçisi kimi tanınan Makalo dövlətə xəyanətdə təqsirli bilinib. Məhkəmə onu müxtəlif maddələrlə 52, 60 və 70 il müddətinə azadlıqdan məhrum edib.

Sierraloaded portalı həmçinin bildirib ki, Makalo ilə yanaşı, məhkəmə qruplaşmanın daha 11 üzvünü vətənə xəyanətdə təqsirli bilib. Bu təşkilatın üzvlərinə keçmiş polis və cəzaçəkmə müəssisələrinin əməkdaşları daxil idi. Makalonun əlaltılarının cəza müddəti hələlik açıqlanmayıb.

Mətbuat çevriliş cəhdində iştirak etdiyi iddiası ilə vətənə xəyanətdə ittiham olunan eks-prezident Ernest Bey Koromanın ölkəni tərk edərək Nigeriyaya gəldiyini də yazıb.

Yanvarda o da məlum olub ki, Syerra Leone hakimiyyəti ötən ilin noyabr ayının sonunda baş vermiş çevrilişin iştirakçısı olduğu iddia edilən 12 nəfəri vətənə xəyanətdə ittiham edib.

2023-cü il noyabrın 26-da naməlum şəxslərin paytaxt Fritaun ətrafındakı silah anbarına soxulmağa cəhd etməsindən sonra ölkə hakimiyyəti bütün Sierra Leone ərazisində komendant saatı tətbiq edib. Padema Road Mərkəzi Həbsxanası da daxil olmaqla, bir neçə əsas həbsxanaya hücum olub. Vətəndaşları qorumaq üçün təhlükəsizlik qüvvələri təcavüzkarların həbsxanaları ələ keçirməsinə imkan verərək geri çəkilməyə məcbur edilib. Bəzi məhbuslar oğurlanıb, bir çoxları isə sərbəst buraxılıb.

Daha sonra Syerra Leone hakimiyyəti hücumçuları paytaxtın kənarına sıxışdıra və şəhərdəki vəziyyətə nəzarəti bərpa edə bilib.

Poliqon.info